7 sentyabr, 2026
Azərbaycan Sənaye Sığorta Şirkəti İmişli rayonunda maliyyə savadlılığı ilə bağlı maarifləndirici görüşlər keçirib
Azərbaycan Respublikası Mərkəzi Bankının “Əhalinin maliyyə savadlılığının artırılması üzrə 2026-cı il fəaliyyət planı” çərçivəsində Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən İmişli rayonunda maarifləndirici görüşlər keçirilib.
Görüşlər İmişli Şəkər Zavodunun əməkdaşları, həmçinin Azərbaycan Sənaye Sığorta Şirkətinin İmişli Nümayəndəliyində yerli sakinlərin iştirakı ilə təşkil olunub.
Maarifləndirici tədbirlərin əsas məqsədi əhalinin maliyyə məhsulları barədə məlumatlılığın artırılması, maliyyə qərarlarının şüurlu və əsaslandırılmış şəkildə qəbul edilməsinin təşviq edilməsi olub.
Görüşlər zamanı iştirakçılara yığım və əmanətlərin xüsusiyyətləri, Əmanətlərin Sığortalanması Fondunun rolu və fəaliyyəti, eləcə də hansı əmanətlərin sığortalandığı barədə ətraflı məlumat verilib.
Təqdimatlarda maliyyə məhsullarından istifadə zamanı müqavilə şərtlərinin diqqətlə öyrənilməsinin, maliyyə öhdəliklərinin düzgün qiymətləndirilməsinin və gözlənilməz hallara əvvəlcədən hazırlıqlı olmağın əhəmiyyəti vurğulanıb.
Görüşlər təqdim olunan mövzular ətrafında geniş müzakirələrlə davam edib. İştirakçıların sualları cavablandırılıb, kredit, əmanət və sığorta məhsulları ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Azərbaycan Sənaye Sığorta Şirkəti əhalinin maliyyə savadlılığının artırılmasını maliyyə xidmətlərindən düzgün və şüurlu istifadənin təşviqi baxımından mühüm istiqamət hesab edir. Şirkət bu sahədə maarifləndirici fəaliyyətlərini və təşəbbüslərini davam etdirəcək.
Digər xəbərlər
Bütün xəbərlər