22 mart, 2026
Azərbaycan Sənaye Sığorta Şirkəti “SMART MONEY TALKS – Puldan danışaq” təşəbbüsü ilə maliyyə savadlılığını təşviq edir
Azərbaycan Sənaye Sığorta Şirkəti maliyyə savadlılığının artırılmasına və gənc nəslin maarifləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” (Global Money Week) çərçivəsində “SMART MONEY TALKS – Puldan danışaq” mövzusunda Bakı və bölgə bir sıra təhsil müəssisələrində silsilə maarifləndirici görüşlər təşkil edib.
Layihənin əsas məqsədi gənclərin maliyyə dünyasına daha şüurlu yanaşmasını təmin etmək, onlarda düzgün maliyyə davranışları formalaşdırmaq, şəxsi maliyyənin idarə olunması bacarıqlarını inkişaf etdirmək və gələcəkdə daha əsaslandırılmış maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır.
Görüşlər çərçivəsində iştirakçılara şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, xərclərin optimallaşdırılması, maliyyə intizamı, risklərin düzgün qiymətləndirilməsi və maliyyə təhlükəsizliyi kimi vacib mövzular üzrə həm nəzəri, həm də praktiki məlumatlar təqdim olunub.
Təlimlər interaktiv formatda keçirilib, real həyat nümunələri, praktik yanaşmalar və açıq müzakirələrlə zənginləşdirilib. İştirakçıların fəallığını artırmaq məqsədilə maarifləndirici suallar ünvanlanıb, aktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
“SMART MONEY TALKS – Puldan danışaq” təşəbbüsü gənclərin erkən yaşlardan maliyyə biliklərinə yiyələnməsinə, vəsaitlərini daha səmərəli idarə etməyi öyrənməsinə və gələcəkdə daha dayanıqlı maliyyə davranışları formalaşdırmasına mühüm töhfə verir.
Qeyd edək ki, “Qlobal Pul Həftəsi” 2012-ci ildən etibarən dünyanın 170-dən çox ölkəsində həyata keçirilən beynəlxalq təşəbbüsdür və uşaqların, yeniyetmələrin, eləcə də gənclərin maliyyə savadlılığının artırılmasına xidmət edir.
Azərbaycan Sənaye Sığorta Şirkəti bu kimi təşəbbüslərlə maliyyə savadlılığının təşviqinə, cəmiyyətin xüsusilə gənc nəslinin maliyyə bilik və bacarıqlarının gücləndirilməsinə və daha məsuliyyətli maliyyə davranışlarının formalaşdırılmasına dəstək verməyə davam edir.
Digər xəbərlər
Bütün xəbərlər